CƏMİYYƏT
GÜRCÜSTAN AZƏRBAYCANLI ZİYALILAR BİRLİYİ FƏALİYYƏTƏ BAŞLADI
Tbilisidə A.Qriboyedov adına teatrda Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin təsis qurultayı keçirilmişdir.
Qurultayı Tbilisi Dövlət Pedaqoji Universiteti (TDPU) Marneuli filialının rektoru Novruz Bayramov açaraq, iştirakçıları müstəqil Gürcüstanda soydaşlarımızın daha bir ictimai qurumunun yaradılması münasibətilə təbrik etdi.
Kvemo Kartli - Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze prezident Eduard Şevardnadzenin qurultay iştirakçılarına salamını və təbrikini yetirdi, belə bir təşkilatın gec də olsa yaradılmasının əhəmiyyətini vurğuladı. O, əmin olduğunu bildirdi ki, Azərbaycanlı Ziyalılar Birliyi Borçalı bölgəsinin çoxmillətli sakinləri arasında dostluğun daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Bakıdan gəlmiş qonaqlar adından çıxış edən fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev belə bir təşkilatın yaradılmasının diqqətəlayiq hadisə olduğunu, onun iki dost ölkənin ziyalıları arasında əlaqələrin genişləndirilməsində, soydaşlarımızın təhsil və mədəniyyətlə bağlı pröblemlərinin həllində yaxından iştirak edəcəyinə ümid bəslədiyini söylədi.
Qurultayda ölkə Prezidenti icra aparatının regional siyasət və ərazi-idarəetmə xidməti rəisinin müavini İmir Məmmədli, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü Valeh Haçıyev, Gürcüstan parlamentinin deputatı Ramiz Bəkirov, Kvemo Kartli - Borçalı bölgəsi qubernatorunun birinci müavini Əli Yüzbaşov, “Borçalı” qəzetinin baş redaktoru Azadə-Taleh Abbasqızı və başqaları çıxış edərək, ilk növbədə Gürcüstanla Azərbaycanın hərtərəfli əməkdaşlığından, dünya şöhrətli siyasi xadimlər və dövlət başçıları Heydər Əliyevin və Eduard Şevardnadzenin şəxsi nümunəsi sayəsində daim möhkəmlənən dostluğumuzun salnaməsində yeni təşkilatın da imzası olacağından, milli adət-ənənələrin qorunub saxlanması qeydinə qalacağından danışdılar.
Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, TDPU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Valeh Hacıyev Birliyin idarə heyətinin sədri, texnika elmləri namizədi Novruz Bayramov sədrin müavini, jurnalist Ramiz İgidov icraçı katib və təşkilatın buraxacağı “Ziyalı” qəzetinin redaktoru seçildilər.
Qurultay iştirakçıları Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə və ölkə ictimaiyyətinə müraciət qəbul etdilər.
ŞAHİSMAYIL MƏMMƏDOV
AzəTac-ın xüsusi müxbiri
TBİILİSİ