SİYASƏT
GÜRCÜSTANIN SAMTSXE-CAVAXETİYA BÖLGƏSİNDƏ VƏZİYYƏTLƏ BAĞLI FÖVQƏLADƏ SESSİYA ÇAĞIRILMASI TƏKLİFİ DƏSTƏKLƏNMƏDİ
Ermənilərin yığcam yaşadıqları Cənubi Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində vəziyyət son dərəcə gərgindir. Onlar bu bölgəyə ya muxtariyyət, ya da özünüidarə hüququ verilməsini tələb edirlər.
Bu tələb ermənilərin orada fəaliyyət göstərən “Cavax” ictimai hərəkatı nümayəndələrinin fevralın 26-da “Rustavi-2” telekanalı ilə çıxışında açıq bəyan olunmuşdur. Axalkalaki şəhər məclisinin sədri belə bir tələbin irəli sürülməsini onunla əsaslandırdı ki, guya bölgəyə muxtariyyət və ya özünüidarə hüququ verilərsə, bu, həmin ərazidə iqtisadi problemlərin aradan qaldırılmasına və əhalinin güzaranının yaxşılaşmasına kömək edər.
Muxtariyyət iddiasına düşən ermənilərin belə çıxışları təbii ki, ölkənin siyasi dairələrində ciddi narahatlığa və etiraza səbəb olmuşdur. Məsələn, XX1 əsr Partiyasının parlamentdəki fraksiyasının sədri Vaxtanq Boçerişvili parlamentin büro iclasında bunun əsla yolverilməz olduğunu qəti şəkildə açıqlamışdır. Cənab Boçerişvili bu məsələyə birdəfəlik son qoymaqdan ötrü parlamentin fövqəladə sessiyasını çağırmağı məsləhət görmüşdür. Deputat demişdir: “Heç kimə sirr deyil ki, Ermənistan hökuməti Gürcüstandakı erməni diasporuna çox yaxşı nəzarət edir. Samtsxe-Cavaxetiya bölgəsi Tbilisidən deyil, məhz Yerevandan idarə olunur”.
Parlamentin sədri Nino Burcanadze bu məsələ ilə əlaqədar fövqəladə sessiya çağırılmasının əleyhinə çıxmışdır. Onun dediyi kimi, “Cavax” ictimai hərəkatının bəyanatları bölgə əhalisinin əhval-ruhiyyəsinə uyğun deyildir.
Parlament bürosunun iclasında bildirilmişdir ki, Samtsxe-Çavaxetiya bölgəsində vəziyyət ali qanunvericilik orqanının müdafiə və təhlükəsizlik komitələrinin bu həftə keçiriləcək qapalı iclasında da müzakirə ediləcəkdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi