CƏMİYYƏT
Heç bir qüvvə Azərbaycana aid olan torpaqlarda təbii ehtiyatların hasilatını apara bilməz
Şuşa, 16 dekabr, Ziyadxan Həsənov, AZƏRTAC
Beş gündür irəli sürdüyümüz tələblərdən geri çəkilmirik. Heç bir qüvvə Azərbaycana aid olan torpaqlarda nə təbii ehtiyatların hasilatını apara, nə də ölkəmizin ətraf mühitinə, yataqlarına zərər vura bilər. Biz də ədalətin bərpa olunmasını, Rusiya sülhməramlı kontingentinin buna da nəzarət etməsini, mütəxəssislərimizə orada monitorinq keçirməyə şərait yaradılmasını tələb edirik.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.
A.Məmmədov dinc aksiyanın keçirilmə səbəbini xatırladaraq qeyd edib: “Kosmik görüntülər əsasında aparılan monitorinqlər nəticəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində filiz və qeyri-filiz yataqlarının qeyri-qanuni istismar edildiyi müəyyənləşdirilib. Xüsusilə də “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının böyük hissəsinin istismar edildiyi ehtimal edilir. Bununla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı kontingenti ilə əldə olunmuş razılaşma əsasında “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında monitorinq planlaşdırmışdı. Təəssüf ki, separatçı qruplar orada təxribatlar törətdi, maneələr yaratdılar. Sülhməramlı kontingent də öz vəzifə borcunu düzgün yerinə yetirə bilmədi. Separatçıların qarşısı alınmadı. Buna etiraz olaraq vətəndaş cəmiyyəti hiddətləndi və Laçın-Şuşa yolunda dinc aksiyaya başladı. Dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatlarının (QHT) başlatdığı aksiyaya digər sahələrdə də fəaliyyət göstərən QHT-lər də qoşuldular. Bütün gənclər hərəkatları, könüllülər, qeyri-hökumət təşkilatları fəalları, ictimai birliklər, vətəndaş cəmiyyətləri üzvləri buradadırlar. Məqsədimizə çatana qədər geri çəkilməyəcəyik”.