SİYASƏT
HƏMVƏTƏNİMİZ RUSLAN ƏLİYEV RUSİYANIN SIĞORTA BAZARININ ƏN YAXŞI İŞTİRAKÇILARINDAN BİRİDİR
Moskva, 14 aprel (AZƏRTAC). Rusiyadakı “Kapital Straxovaniye” ASC sığorta şirkətinin baş direktoru, həmvətənimiz Ruslan Əliyev öz səlahiyyətlərini hazırda baş direktorun müavini vəzifəsində çalışan Oleq Tornevə vermişdir.
Ruslan Əliyevin bu qərarı onunla bağlıdır ki, o, yaxın gələcəkdə yeni müstəqil layihələrin həyata keçirilməsi üzərində diqqətini cəmləşdirməyi planlaşdırır. Hazırda o, Rusiyanın və xarici ölkələrin bir sıra maliyyə təsisatlarının ekologiya və ətraf mühitin qorunması kimi perspektivli istiqamətdə əməkdaşlıq barədə təkliflərini nəzərdən keçirir. Ruslan Əliyev özü bu qərarı barədə demişdir: “Fikrimcə, hazırda “Kapital”da çox güclü peşəkarlar komandası yaranmışdır və bu komanda uğurla işləyir. Şirkətin portfelində tarazlıq yaranmışdır. Servis xidmətlərinin yüksək səviyyəsi təmin edilmişdir və qorunub saxlanır. Bu statusda mənim üçün aktual olan məqsədlər əldə edilmişdir. İndi yeni oriyentirlər seçmək vaxtı yetişmişdir”.
Qeyd etmək lazımdır ki, səmərəli idarəçi olan Ruslan Əliyev sığorta bazarının ən yaxşı iştirakçılarından biridir. 2009-cu ildə R.Əliyev “Rusiya menecerlər assosiyası” və “Kommersant” İD versiyası üzrə ən peşəkar ali rəhbərlər siyahısına daxil edilmişdir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş R.Əliyev “Atəşgah” Rusiya-Azərbaycan müştərək sığorta şirkətinin müşahidə şurasının üzvü olmuş, Azərbaycan XİN-də, Azərbaycan Dövlət Neft Şirkətində işləmiş, son illərdə isə Rusiyanın uğurlu sığorta şirkətlərindən biri olan “Kapital straxovaniye” şirkətinə başçılıq etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva