SİYASƏT
Həmvətənlərimiz Murmanskdakı “Dostluq evi”ndə Açıq Qapı Günündə iştirak etmişlər
Bakı, 27 may (AZƏRTAC). Murmansk vilayətinin milli-mədəni və qeyri-kommersiya ictimai birlikləri “Dostluq evi”ndə Açıq Qapı Günü keçirmişlər.
Açıq Qapı Günündə arzu edən hər kəsə qeyri-kommersiya təşkilatlarının fəaliyyəti ilə tanış olmaq, ustad dərslərində iştirak etmək, müxtəlif fəaliyyət növlərində öz qüvvəsini sınamaq imkanı verilmişdir.
Murmansk vilayətində qeydiyyata alınmış 800-dən çox sosial yönümlü ictimai birliyin fəaliyyəti insanların həyatının keyfiyyətini yaxşılaşdırmağa, onlara hüquqi, sosial və maarifçilik xarakterli yardım göstərilməsinə istiqamətlənmişdir.
“Dostluq evi”ndə keçirilən tədbirdə 24 milli diasporun üzvləri, o cümlədən Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin fəal üzvləri olan həmvətənlərimiz, habelə başqa millətlərin illər boyu Kola yarımadasında dostcasına yaşayan və işləyən nümayəndələri iştirak etmişlər.
ÜAK-ın Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, həmvətənlərimiz “Dosluq evi”ndə keçirilən tədbirin qonaqlarına Bakıdan gətirilmiş suvenirlər, ölkəmiz haqqında müxtəlif nəşrlər nümayiş etdirmiş, xalqımızın milli ənənələri, Murmanskda yaşayan həmvətənlərimizin idman, təhsil, mədəniyyət və başqa sahələrdə uğurları barədə məlumat vermişlər. Azərbaycana qiyabi “səyahət”in təşkilinə Murmansk vilayət İctimai Palatasının üzvü, ÜAK-ın Murmansk bölməsinin sədri Afil Hüseynov, RAGB-nin Murmansk nümayəndəliyinin sədri Vüsal İbrahimov, gənclər, Murmansk şəhərindəki ali məktəblərin tələbələri kömək etmişlər.
Qeyd edək ki, Açıq Qapı Günü keçirilməsinin əsas məqsədi ictimaiyyətin qeyri-kommersiya təşkilatlarına etimad səviyyəsini artırmaq və bu təşkilatların fəaliyyətinə diqqəti cəlb etmək idi.
Tədbirin təşkilatçıları qismində Murmansk vilayəti ictimai təşkilatlarla qarşılıqlı əlaqə və gənclərin işləri üzrə Komitə, Murmansk vilayət İctimai Palatası, Kola yarımadası Qadınlar Konqresi, gənclərin vətəndaş və vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə hazırlıq üzrə Regional Mərkəz çıxış etmişdir.