İQTİSADİYYAT
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula-1 müddətində 118 mindən çox sərnişinə xidmət göstərib
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 10-dan 22-dək Bakıda Formula-1 Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Aeroportu 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. Həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilib.
Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib.
Formula-1 yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Aeroportuna 6 minə yaxın sərnişin gəlib.
Yarış müddətində “Silk Way West Airlines”, “Cargolux” və “Nippon Cargo Airlines” yük aviaşirkətləri bolid və digər Formula-1 avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1,6 milyon kiloqramdan artıq təşkil edib.
Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri - Formula 1 Avropa Qran-pri yarışı uğurla başa çatıb. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.