ELM VƏ TƏHSİL
“Heydər Əliyev irsinin öyrənilməsi” mözusunda dərslər davam edir
Bakı, 6 yanvar, AZƏRTAC
Paytaxtın ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, növbəti dərslər Sabunçu rayonu üzrə ümumi təhsil müəssisələrini əhatə edib.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Dərs Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Ulu Öndərin gənclər siyasəti” mövzusuna həsr olunan dərsdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxış edərək ümummilli lider Heydər Əliyevin gənc nəslin kütləvi surətdə savadlanması istiqamətində gördüyü irimiqyaslı işlərdən danışıb.
Daha sonra Milli Məclisin deputatı Naqif Həmzəyev Ulu Öndərin gənclər siyasəti barədə məruzə ilə çıxış edib. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyi diqqətə çatdırılıb.
Dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi bütün paytaxt məktəblərini əhatə edəcək.