RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV PARKI ZAQATALANIN YENİ İSTİRAHƏT GUŞƏSİDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev sentyabrın 19-da Zaqatala şəhərinin Qaladüzü ərazisində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan park ilə tanış olmuşdur.
Dövlətimizin başçısı parkın baş planına və fəvvarələrə baxdı. Məlumat verildi ki, 1947-ci ildə salınmış parkda Dövlət Neft Şirkətinin vəsaiti ilə və daxili imkanlar hesabına yenidənqurma və abadlıq işləri aparılmışdır. Parkın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin əzəmətli abidə kompleksi ucaldılmışdır.
Ərazisi 13 hektar olan parkda 27 növdən çox ağac, dekorativ gül kolları əkilmiş, biri musiqili olan iki fəvvarə, karusellər quraşdırılmışdır.
Parkın ərazisində Heydər Əliyev muzeyi, yay estradası, müasir üslubda xidmət obyektləri yerləşir. Girişdə geniş alaqapı tikilmişdir. Parkda və xidmət obyektlərində 50 nəfər işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.