SİYASƏT
Heydər Əliyev ümummilli liderlik örnəyidir
Qazax, 26 aprel (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Qazax Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ümummilli liderlik örnəyidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndərin Qazax şəhərindəki Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Konfransda çıxış edənlər ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətdir. Ulu Öndər vətənpərvərliyi, böyük siyasi uzaqgörənliyi, çevik təfəkkürü, müdrikliyi, xalqına əvəzsiz xidmətləri ilə öz şəxsində ən ülvi, müqəddəs azərbaycanlı obrazı yaratmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər bütün ömrünü ölkəmizin inkişafına və tərəqqisinə həsr etmişdir. Hakimiyyətdə olduğu illərdə həmişə doğma Azərbaycanı düşünmüş və onun çiçəklənməsi naminə əməli işlər həyata keçirmiş və fəaliyyət göstərmişdir. Bugünkü müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Onun yaratdığı müstəqil Azərbaycan dövləti Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qüdrətlənir.
Konfransda “Heydər Əliyev ümummilli liderlik örnəyidir”, “Heydər Əliyev və qadın siyasəti”, “Heydər Əliyev və Azərbaycan gəncləri”, “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur”. “Heydər Əliyev və idmana qayğı” mövzularında məruzələr dinlənilmişdir.