REGİONLAR
HEYVANDARLIQ TƏSƏRRÜFATININ İNKİŞAF DİNAMİKASI MÜZAKİRƏ OLUNMUŞDUR
Martın 27-də Respublika Kənd Təsərrüfatı Nazirliyində rayon icra hakimiyyəti mütəxəssislərinin, bələdiyyələrin, heyvandarlıqla bağlı ictimai qurumların rəhbərlərinin iştirakı ilə “Heyvandarlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilmişdir.
Nazir İrşad Əliyev müşavirəni açaraq, dövlətimizin başçısı Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən aqrar islahatların müsbət nəticələrindən, yeni mülkiyyət formalarının yaranmasından, kəndlinin əməyə münasibətinin dəyişməsindən, ötən müddətdə heyvandarlıq sahəsində görülən işlərdən, mövcud nöqsanlardan, onların aradan qaldırması yollarından danışmışdır.
Hollandiya hökuməti tərəfindən Azərbaycanda həyata keçirilən “Süni mayalandırma” layihəsinin verdiyi iqtisadi səmərədən bəhs edən nazir, artıq xərclərə yol verilmədən bu metodun tətbiq olunmasında bələdiyyələrin yardımçı rolunu xüsusi vurgulamışdır.
Çıxışlarda respublikamızdakı mövcud 10 regional elm mərkəzinin fəaliyyəti ətraflı müzakirə olunmuş, alim-fermer, alim-istehsalçı münasibətlərində sıx iş birliyinin yaradılmasında bu mərkəzlərin əhəmiyyətindən danışılmışdır.
Müşavirədə respublikamızda heyvandarlıq təsərrüfatının inkişaf dinamikası hərtərəfli müzakirə edilmiş, uçotun düzgün təşkili, damazlıq işinin yaxşılaşdırılması, qabaqcıl təcrübə məktəbinin yaradılması, baytarlıq xidmətinin yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.