SİYASƏT
Hikmət Çətin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Bakı, 28 aprel (AZƏRTAC, Elşən Şahbalayev). Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, hətta onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində keçirilən III sessiyada çıxışı zamanı demişdir.
Hikmət Çətin bildirmişdir ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunmuş, 1 milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşmüşdür. “Bütün bunlar beynəlxalq hüququn pozulması nəticəsində baş vermişdir. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyətində irəliləyiş yoxdur”, - deyə o, qeyd etmişdir.
Münaqişənin həlli üçün ilk addım olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusunun çıxarılmasını qeyd edərək demişdir. “Bu, sülh və sabitlik üçün müsbət addım olardı. Vəziyyət daim belə davam edə bilməz. Ermənistan düşünsün, onlar indiyədək nəyi itirmişlər və bu münaqişə həll edildikdən sonra nə əldə edə bilərlər. Ermənistan iqtisadi cəhətdən acınacaqlı vəziyyətdədir”, - deyə o, qeyd etmişdir.