DÜNYA
Honkonqda 3 ay davam edən iğtişaşlardan sonra ilk ictimai dialoq keçirilib
Pekin, 26 sentyabr, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati bölgəsində ötən aylarda müşahidə olunan iğtişaşlardan sonra hakimiyyət orqanları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ilk dialoq keçirilib.
AZƏRTAC xəbər verir ki, bölgə hökumətinin rəhbəri xanım Kəri Ləm dialoqun hakimiyyət orqanlarının Honkonqu çətin dövrdən çıxarmaq üçün göstərdiyi səy olduğunu deyib. Şəhər ictimaiyyətindən 80 nümayəndənin iştirak etdiyi görüşdə Kəri Lam Honkonqda bir neçə ay davam etmiş xaosun nəticələrinin aradan qaldırılmasına ən böyük məsuliyyəti hökumətin daşıdığını bildirib.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində və Senatın Xarici məsələlər komitəsində "Honkonq insan hüquqları və demokratiya aktı"nın dəstəklənməsinə qarşı ölkəsinin sərt etirazını bildirib və Birləşmiş Ştatlardan Honkonq məsələsinə müdaxiləni dayandırmağı tələb edib. O, Çinin daxili işlərinə kobud müdaxilə olan həmin aktın Honkonqdakı radikal qüvvələri və aqressiv fəalları dəstəklədiyini deyib.
"Honkonqun 1997-ci ildə ana vətənə (Çinə) qaytarılmasından sonra "bir dövlət, iki sistem" və "Honkonq xalqı Honkonqu idarə edir" prinsipləri, yüksək dərəcədə muxtariyyət, Honkonq sakinlərinin hüquq və azadlıqları tamamilə təmin edilib", - deyən Qen Şuan əlavə edib ki, ekstradisiya haqqında qanuna düzəlişə qarşı etirazla başlayan vəziyyət xarici qüvvələrin dəstək verdiyi radikal şəxslərin və zorakı fəalların əməlləri ucbatından ictimai asayişin pozulması, dövlət və şəxsi əmlaka ziyan dəyməsi, polis əməkdaşlarına xəsarət yetirilməsi ilə əndazədən çıxıb.
Çin XİN rəsmisi ABŞ-ın ölkəsinin maraqlarını pozan istənilən addımına lazımi cavab veriləcəyini deyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin