İQTİSADİYYAT
İlin birinci yarısında Mərkəzi Bank 25 not hərracı keçirib
Bakı, 23 avqust, AZƏRTAC
Mərkəzi Bank 2021-ci ilin ilk yarısında 25 not hərracı keçirib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, bu hərracların 3-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 22-də isə 28 günlük notlar yerləşdirilib. Ümumilikdə, yarımilliyin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 520 milyon manat təşkil edib. Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub, nəticədə bu alətlər üzrə gəlirlilik faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə qərarlaşıb (5,76 faiz). Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlilik pul bazarının vacib reprezentativ göstəricisi olmaqla digər maliyyə alətləri üzrə faiz dərəcələrinə təsir göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir.
Cari ilin 6 ayında məcburi ehtiyat normaları dəyişməz saxlanılıb. Məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub. Aparılmış monitorinqlərin nəticələrinə əsasən, hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini üstələyib.