DÜNYA
İndoneziya polisi ölkənin şərqində bütün nümayişləri qadağan edib
Tokio, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-dən etibarən İndoneziya polisi son iki həftə ərzində davam edən nümayişlər və iğtişaşlara görə Papua və Qərbi Papua əyalətlərində etiraz aksiyalarının keçirilməsini qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının rəhbəri Rudolf Rocianın yaydığı bəyanatda bildirilir.
“Bu gündən başlayaraq iğtişaşların, ictimai obyektlərə zərər verə biləcək nümayişlərin, kütləvi etirazların təşkili qadağan edilir”, - deyə bəyanatda bildirilir. Qeyd edilir ki, polis istənilən etiraz aksiyasının təşkilinə imkan verməyəcək.
Xatırladaq ki, bu əyalətlərin yerli sakinlərinə qarşı irqi diskriminasiyanın dayandırılması tələbi ilə mitinqlər iki həftə bundan əvvəl başlanıb. Kütləvi iğtişaşlara çevrilən etirazlar zamanı iştirakçılar mağazalara, mehmanxanalara ciddi zərər vuraraq yanğınlar törədiblər. Hadisələr zamanı inzibati binaların ələ keçirilməsinə cəhd də göstərilib. İğtişaşlar nəticəsində üç nəfərin, o cümlədən bir hərbiçinin həlak olduğu bildirilir.
Qanun-qaydanın bərpa edilməsi üçün ölkənin şərqinə tərkibində ordunun xüsusi təyinatlılarının və dəniz piyadalarının olduğu altı minədək polis və hərbiçi göndərilib.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 30 nəfərin iğtişaşlarda, yalan məlumatların yayılmasında iştirak etdiyi bildirilir. Hökumət strukturları etiraz aksiyalarının arxasında həmin əyalətlərin İndoneziyadan ayrılmasına çalışan “Azad Papua” hərəkatının dayandığını istisna etmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio