DÜNYA
İndoneziyada prezidentin birbaşa seçkilərindən imtina edilməsi planlaşdırılır
Tokio, 2 sentyabr, AZƏRTAC
İndoneziyanın ali siyasi dairələri 1945-ci ildə qəbul edilmiş ölkə konstitusiyasında dəyişikliklər apararaq prezidentin birbaşa seçkilərindən imtina edilməsini və bunun ölkənin ali qanunverici orqanına həvalə olunmasını planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 2-də “The Straits Times” qəzeti məlumat yayıb. Xalq Nümayəndələri (aşağı palata) Şurasının sədri Bambanq Soesationun bu barədə fikirlərini sitat gətirən qəzet yazır: “Ən azı son dörd prezident seçkiləri çoxlu sayda çatışmazlıqlar olduğunu və cəmiyyətdə parçalanmanın baş verdiyini nümayiş etdirib”. Ölkənin böyük partiyalarını təmsil edən bu ideyanın müəlliflərinin qənaətinə görə, birbaşa seçkilərdən imtina olunması parlamentin yalnız prezidentə deyil, eyni zamanda, onun həyata keçirdiyi siyasətə daha səmərəli nəzarət etməsinə şərait yaradacaq. Bundan əlavə, dövlət başçısının partiya prinsipləri ilə seçilməsi İndoneziyanın can atdığı demokratik dəyərlərin daha çox əks olunmasına müsbət təsir göstərəcək.
Nəşr bildirir ki, indoneziyalı siyasətçilərin qənaətinə görə, prezident, qubernator və merlərin birbaşa seçkilərindən imtina edilməsi, məsələn, Coko Vidodo kimi gənc və enerjili islahat tərəfdarlarının aşkar olunması yolunu da bağlaya bilər. Belə ki, özünün siyasi fəaliyyətinin ilk mərhələsində heç bir siyasi dəstəyə qoşulmayan C.Vidodo öz yolu ilə gedərək, kiçik şəhər rəhbərindən dövlətin başçısı səviyyəsinədək yüksələ bilib. Cari ilin aprelində keçirilən seçkilərdə C.Vidodo inamlı qələbə qazanaraq yenidən prezident seçilib.
Xatırladaq ki, İndoneziyada seçicilərin sayı yalnız Hindistan və ABŞ-dan geri qalır. Bununla yanaşı, İndoneziyada seçkilərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada prezident birbaşa seçkilər yolu ilə seçilir. Digər tərəfdən, Hindistanda həmin seçkilər həftələrlə davam etdiyi halda, İndoneziyada bir gün ərzində keçirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio