İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Ölkə iqtisadiyyatına sərmayələrin cəlb edilməsində, sahibkarlığın inkişafında özəlləşdirmə prosesi mühüm vasitələrdən biridir.
Dövlət müəssisələrinin özəlləşdirilməsində ilkin mərhələ olaraq, onların səhmdar cəmiyyətlərinə çevrilməsi prosesi xüsusilə önəmlidir.
İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti dövlət müəssisələrinin bazasında səhmdar cəmiyyətlərinin yaradılması, eləcə də onların özəlləşdirilməsi sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirir. Belə ki, 2002-ci ilin ötən dövrü ərzində dövlət müəssisələrinin bazasında 42 səhmdar cəmiyyəti təsis olunmuşdur.
Aprel ayında dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi üçün 20-dən çox dövlət müəssisəsinin sənədlərinin ekspertizası işi başa çatdırılmışdır.
Nazirliyin Dövlət əmlakının özəlləşdirilməsi departamenti səhmdarların birinci ümumi yığıncağının vaxtında keçirilməsini daim diqqətdə saxlayır. Ötən ay ərzində 24 səhmdar cəmiyyətində səhmdarların birinci ümumi yığıncağının keçirilməsi təmin olunmuşdur.
Səhmləri bütövlükdə və yaxud onların bir hissəsi dövlətə məxsus səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunub saxlanması, ondan səmərəli istifadə vəziyyətinin araşdırılması, səhmdar cəmiyyətlərinin istehsal fəaliyyətinin öyrənilməsi, zəruri məlumatların əldə edilməsi, həmçinin səhmdarların birinci ümumi yığıncağında dövlətə məxsus səhmlərə görə səsvermə hüquqlarını yerinə yetirmək məqsədi ilə departamentin əməkdaşları respublikanın bir sıra şəhər və rayonlarında yerləşən səhmdar cəmiyyətlərində olmuş, müvafiq tədbirlər görmüşlər.