İQTİSADİYYAT
İRAN ENERGETİKLƏRİ BAKIDA OLMUŞLAR
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında energetika sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək və genişləndirmək məqsədi ilə İranın “Təvanir” milli energetika şirkətinin ekspertləri Bakıda olmuş, həmkarları ilə işgüzar görüşlər və məsləhətləşmələr keçirmişlər.
“Azərenerji” Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, danışıqlarda ölkələrimizin ərazisindən keçən yüksək gərginlikli elektrik xətlərinin vəziyyəti, yeni elektrik xətləri çəkmək və energi mübadiləsini genişləndirmək imkanları müzakirə edilmiş, yekun protokolu imzalanmışdır. Protokola uyğun olaraq, tərəflər Astara-Astara elektrik xəttini çəkib istifadəyə verməlidirlər. İran energetikləri öz ərazisində xəttin cəkilişini başa çatdırmış və 125 meqavatt gücündə transformator quraşdırmışlar. Azərbaycan energetikləri isə 7,5 kilometr uzunluğunda xəttin çəkilişini cari ildə başa çatdırmağı nəzərdə tuturlar. Bu xətt istifadəyə verildikdən sonra Azərbaycanın cənub bölgələri enerji ilə tam təmin ediləcəkdir.
O ki qaldı İmişli-Parsabad (İran) elektrik xəttinin çəkilişinə, tərəflər 330 kilovoltluq elektrik xəttinin inşası haqqında razılığa gəlmişlər. Bu, Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi verilməsini 150 meqavatta qədər çatdırmağa və beləliklə, muxtar respublikanın enerji təchizatı məsələsini tamamilə həll etməyə imkan yaradacaqdır.