DÜNYA
İran Norveçə etiraz notası verib
Tehran, 28 noyabr, AZƏRTAC
Norveçin Kristiansann şəhərində SİAN ekstremist qruplaşmasının üzvlərinin müqəddəs Quranı yandırması İranın kəskin etirazına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Norveçin İrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub. Lakin səfir qısamüddətli məzuniyyətdə olduğu üçün onun əvəzinə nazirliyə mədəniyyət attaşesi gedib.
Səfirliyin əməkdaşına etiraz notası təqdim olunub. Nəzərə çatdırılıb ki, 1,5 milyard insanın etiqad etdiyi dinin təhqir olunması yaxşı nəticələr verməyəcək. İran hökuməti Norveçdən tələb edib ki, müqəddəs kitabı yandırmaqla dinlər arasında təfriqə salmağa çalışanlar saxlanılaraq məsuliyyətə cəlb olunsunlar. Etiraz notasında qeyd olunur ki, söz və fikir azadlığı adı altında İslam dinini təhqir etmək yolverilməzdir.
Norveç səfirliyinin əməkdaşı notanın hökumətə çatdırılacağını və məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran