DÜNYA
İRANIN BAYTARLIQ XİDMƏTİ TƏKZİB EDİR
AZƏRTAC xəbər verir ki, İran Baytarlıq Xidməti rəhbərinin müavini Səid Çərxkar “Fars” milli informasiya agentliyinə müsahibəsində İranda quş qripinə yoluxma hallarının qeydə alınmadığını bildirmişdir.
Onun sözlərinə görə, ölkənin bir sıra əyalətlərində, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, Mazandaran, Gilan, Sistan və Bəlucistanda ciddi və ətraflı tədqiqatlar aparılmışdır. Onlardan heç birində quş qripi ilə bağlı şübhələr təsdiq edilməmişdir. Bu barədə Dünya Səhiyyə Təşkilatına müvafiq məlumat göndərilmişdir. Bununla yanaşı, İran Baytarlıq Xidməti ev quşları yetişdirilən təsərrüfatlarda nəzarəti gücləndirmişdir.
İranda quş qripi epidemiyası barədə şayiələr oktyabrın əvvəllərində ölkənin şimal-qərb bölgələrində köçəri quşların kütləvi surətdə qırıldığı barədə xəbərlər alındıqdan sonra yayılmışdır. İran radiosunun məlumatına görə, Qərbi Azərbaycan ostanı ekoloji fəlakət zonası elan edilmişdir.