İDMAN
İslamiada: Hər anı bir tarix, hər günü yeni bir zəfər VİDEO
Bakı, 22 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ötən gün medal qazanan idmançılarımızla mayın 22-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) ənənəvi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un rəsmiləri, qaliblərin ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə medal qazanan atletlərimizin qələbə anlarını əks etdirən kadrlar nümayiş olunub. Məlumat verilib ki, Azərbaycan İslamiadanı qələbə ilə başa vurub. Dünən atletlərimiz 9-u qızıl, 7-si gümüş, 4-ü bürünc olmaqla 20 medal qazanıblar. Aktivində 75 qızıl medal olan Azərbaycan millisi İslamiadanın qalibi olub. Yarışlar başlayandan hər gün qələbə qazanan idmançılarımız xalqımıza hər gün sevinc yaşadıblar.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İslamiadanın hər anı Azərbaycan üçün bir tarix, hər günü yeni bir zəfərdir. On gün ərzində atletlərimiz İslamiadanı Azərbaycanın idman salnaməsinə qızıl hərflərlə yazıblar. Bu qələbələr ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısı sayəsində reallaşıb. “Fəxr edirik ki, Azərbaycan idmançıları İslamiadada komanda yarışlarında yüksək nəticələr göstərdilər”, - deyə MOK-un vitse-prezidenti bildirib. Ç.Hüseynzadə vurğulayıb ki, MOK-un binasının qapıları İslamiada yarışlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən insanların üzünə açıq olub.
Ç.Hüseynzadə idmançılar adından MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sonra Azərbaycana medal qazandıran idmançılarına MOK-un hədiyyələri təqdim olunub.
Qeyd edək ki, MOK-un mayın 14-dən start verdiyi "Zəfər günləri" layihəsi ayın 23-də başa çatacaq.