SİYASƏT
İstanbulda Azərbaycanın milli bayramı – Respublika Günü sevinclə qeyd olunmuşdur
İstanbul, 2 iyun (AZƏRTAC). İstanbulda fəaliyyət göstərən Türkiyə -Azərbaycan Dərnəyi (İST-TAD) 28 May - Respublika Günü münasibətilə şəhərin Beyköz bölgəsində bayram mərasimi təşkil etmişdir.
Şəhər ictimaiyyəti nümayəndələrinin, İstanbulda təhsil alan tələbələrimizin, Azərbaycan ila geniş əlaqələri olan görkəmli şəxsiyyətlərin, dərnək rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasim Azərbaycan və Türkiyənin dövlət himlərinin səsləndirilməsi ilə başlanmışdır.
İST-AD-ın sədri Səfər Qaraqoyunlu, dərnəyin qadınlar bölməsinin müdiri Nebahat Kirman, İğdırlılar Dərnəyinin rəhbəri Sinan Bayat, Arbahanlılar Dərnəyinin rəhbəri Əhməd Dəmirbaş və başqaları çıxışlarında 1918-ci ildə təsis edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yoldan bəhs etmişlər.
Məlumat verilmişdir ki, keçmiş SSRİ-nin süqutu ərəfəsində dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində öz suverenliyini qoruya bilmiş, qısa zaman kəsiyində inkişaf hədəflərinə çatmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan bir sıra göstəriciləri ilə təkcə Qafqazda deyil, bütün dünyada öndə gedir. Natiqlər əminliklə bildirmişlər ki, Azərbaycan yaxın gələcəkdə işğal altında olan torpaqlarını azad edəcək, üçrəngli dövlət bayrağını qədim Azərbaycan torpağı olan Qarabağın ən uca zirvələrində dalğalandıracaqdır.
Mərasim Azərbaycan və Türkiyə musiqilərindən ibarət konsert proqramı ilə davam etdirilmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul