REGİONLAR
İstehsalat təcrübələri tələbələrin peşəkar kadr kimi yetişməsinə mühüm töhfə verir
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin payız semestrindəki istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda çıxış edən departamentin direktoru Əkbər Novruzov tədris prosesinin vacib istiqamətlərindən birinin istehsalat təcrübəsi olduğunu bildirib. Qeyd edib ki, bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir.
Konfransda “Naxçıvan” Universitetinin müəllimi, təcrübə rəhbəri Ülviyyə Əliyeva və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.