SİYASƏT
İtaliyanın “L’ultima ribattuta” saytında “Azərbaycan: İtaliya üçün qızıl imkan” sərlövhəli məqalə yerləşdirilmişdir
Roma, 1 iyun (AZƏRTAC). İtaliyanın “L’ultima ribattuta” saytında “Azərbaycan: İtaliya üçün qızıl imkan” sərlövhəli məqalə yerləşdirilmişdir.
Məqalədə qeyd edilir ki, Xəzərin sahilində yerləşən və 20 ildən artıqdır müstəqil olan Azərbaycan hazırda çox güclü inkişaf dövrünü yaşayır. Hələ keçmiş əsrlərdən enerji resursları ilə zəngin Bakının vaxtı ilə Sovet İttifaqında ən önəmli neft istehsalçısı olduğunu yazan müəllif vurğulayır ki, İkinci Dünya müharibəsində qazanılan qələbədə bu şəhərin böyük rolu olmuşdur.
Yazıda Azərbaycanın təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik (TAP) boru kəməri layihəsi barədə də məlumat verilir. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun sözlərinə istinadla qeyd olunur ki, bu layihənin reallaşması nəticəsində minlərlə yeni iş yeri açılacaq, Avropa və Asiya arasında körpü olan Azərbaycan ilə beynəlxalq tərəfdaşlıq güclənəcəkdir.
Müəllif oxucuların diqqətinə çatdırır ki, Azərbaycanda enerji ilə yanaşı, sənaye, manufaktura, kənd təsərrüfatı, idman, tikinti, mədəniyyət və digər sahələr də inkişaf etməkdədir. Bu gün qızıl dövrünü yaşayan Azərbaycanın geosiyasi əhəmiyyəti gündən-günə artmaqdadır.
İtaliya üçün Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinin vacibliyinin xüsusi vurğulandığı yazıda İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti Manuela Traldinin fikirlərinə istinadla bildirilir ki, ölkələrimizi birləşdirən oxşar cəhətlər və birgə işlər həyata keçirmək üçün yaxşı imkan vardır.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.lultimaribattuta.it/3674_azerbaijan-occasione-doro-per-litalia
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma