İQTİSADİYYAT
İyunun 1-də “İnşaatçılar” metro stansiyasının ikinci vestibülü açılacaq
Bakı, 31 may, Elvin Camalov, AZƏRTAC
İyunun 1-də “İnşaatçılar” metro stansiyasının təmirdə olan ikinci vestibülü açılacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, iyunun 1-də saat 06:00-dan etibarən “İnşaatçılar” metro stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək. 2016-cı il yanvar ayının 18-dən burada 30 illik istismar müddətini başa vurmuş “ET-5” tipli üç eskalatorun sökülməsinə və onların müasir analoqları ilə əvəzlənməsinə start verilmişdi.
N.Paşayev qeyd edib ki, stansiyada sökülmüş avadanlığın əvəzinə, Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela FT 945” tipli iki eskalatoru quraşdırılıb. Eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaq üçün nəzərdə tutulub. Onlar müasir standartlara uyğun olaraq, saniyədə 0,65 metr sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar. Stansiyanın platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər.
Yeni eskalatorların quraşdırıldığı müddətdə sərnişinlərin giriş-çıxışı üçün bağlı olan ikinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda müvafiq təmir işləri yerinə yetirilib.