İQTİSADİYYAT
KANADA HÖKUMƏTİ AZƏRBAYCANLA ƏLAQƏLƏRİN GENİŞLƏNMƏSİNDƏ MARAQLIDIR
Kanada hökumətinin tapşırığı ilə respublikamızda səfərdə olan Kanadanın məşhur “Tomas intənəşnl” firmasının nümayəndəlsi Qrand Tomas AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, onun ölkəsinin hökuməti Azərbaycan ilə iqtisadi əlaqələr yaradılmasını istəyir. Bakıya səfərindən məqsəd də dövlətlərimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanları öyrənməkdir.
İnformasiya texnologiyaları, marketinq, turizm, ekologiya, kadr hazırlığı - Kanada hökumətinin əlaqələr yaradılması üçün potensial imkanlar öyrənmək istədiyi istiqamətlərin qısa siyahısı belədir. Qonağın sözlərinə görə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihə həyata keçiriləcəkdir.
Ölkəmizə ilk dəfə gələn qonaq demişdir ki, Kanada əhalisinin Azərbaycan, burada baş verən hadisələr haqqında məlumatı azdır. Prezidentin İcra Aparatının əməkdaşları, bir sıra nazirlik və baş idarələrin, firma və müəssisələrin rəhbərləri ilə görüşlər zamanı Qrand Tomas, özünün dediyi kimi, Azərbaycanın böyük elmi və kadr potensialının, iqtisadiyyat sahəsində tərəqqisinin, ölkə rəhbərliyinin informasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verdiyinin şahidi olmuşdur.
Uzaq ölkdən gəlmiş qonaq səfərinin yekunlarına əsasən, Azərbaycan-Kanada iqtisadi əlaqələrinin inkişaf perspektivləri haqqında məlumat hazırlayacaqdır. Qrand Tomas bildirmişdir ki, Kanada hökuməti, yerli biznesmenlər üçün hazırlayacağı bu məlumatda Azərbaycan sahibkarları ilə əlaqələr yaradılarkən əsas olacaq perspektivli layihələr öz əksini tapacaqdır. O demişdir ki, birgə layihələrin uğurla həyata keçirilməsi üçün Kanada işgüzar dairələrinin nümayəndələri Azərbaycana daha tez-tez gəlməlidirlər.