SİYASƏT
Kanadadakı Azərbaycan diasporu 28 May - Respublika gününü qeyd etmişdir
Bakı, 21 may (AZƏRTAC). Kanadanın Ontario əyalətində fəaliyyət göstərən Azəri-Türk Kanada Assosiasiyası 28 May - Respublika Günü ilə əlaqədar təntənəli tədbir təşkil etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbirdə soydaşımız Səbinə Əzizli çıxış edərək müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət göstərdiyi qısa müddət ərzində əldə etdiyi nailiyyətlər - parlamentin, hökumətin, ordunun, bayrağın, milli himnin və pul vahidinin yaranması haqqında danışmışdır.
Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov tədbir iştirakçılarına Azərbaycan tarixi haqqında məlumat vermişdir.
Tədbirdə iştirak edən Ontario əyalətinin London şəhər parlamentinin nümayəndəsi, elm və texnologiyalar naziri Ed Holder Türk-Azəri Cəmiyyətini göstərdiyi fəallıq və Respublika Günü münasibətilə təbrik etmiş, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin yüksək qiymətləndirildiyini bildirmişdir.
Tədbirdə London şəhər parlamentinin üzvlərindən İren Mattisen, Susan Trupp, Debora Mattyu, Peggi Sattler, Horald Uşer iştirak etmişlər. Qonaqlara Azərbaycanla bağlı suvenirlər və Dağlıq Qarabağ haqqında kitabçalar təqdim edilmişdir.
Azəri-Türk Kanada Assosiasiyanın prezidenti Kəmalə Şiriyeva hər bir azərbaycanlı üçün qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma gününü kanadalı dostlarla qeyd etməkdən məmnunluğunu bildirmişdir. O, Ontarioda digər icmalarla müqayisədə Azərbaycan, türk diasporunun üzvlərinin az olmasına baxmayaraq, onların Kanadada mədəniyyət, təhsil, iqtisadiyyat, xeyriyyə, qeyri-kommersiya və digər sahələrdə yaxından iştirak etdiklərini demişdir.
Tədbirdə musiqi müəllimi Kristina Villatın ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Azərbaycanın milli rəqsləri, Yusif Savalanın ifasında “Ey Vətən” mahnısı qonaqların marağına səbəb olmuşdur.