SİYASƏT
Kiyevin 37 nömrəli məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram keçirilmişdir
Kiyev, 25 dekabr (AZƏRTAC). Kiyevdəki 37 nömrəli məktəbin Azərbaycan sinfində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram keçirilmişdir. Tədbir Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev təşkilatı Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzi tərəfindən təşkil olunmuşdur.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev, Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlığı Mərkəzinin direktoru İlham İsmayılov toplaşanları salamlamışlar. Mərkəzin direktoru İ.İsmayılov Azərbaycan dilini fəal təbliğ etdiyinə görə müəllimə Səfiyə Naibovaya mərkəzin fəxri fərmanını təqdim etmişdir.
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Fərid Babayev səfir Eynulla Mədətlinin adından toplaşanları qarşıdan gələn bayram münasibətilə təbrik etmişdir.
Sonra dahi Heydər Əliyev haqqında “Müasir Azərbaycanın memarı, xilaskarı və yaradıcısı” kitabının müəllifi Qafar Əliyev öz kitabını məktəbin direktoru Nikolay Vidmana, Ukrayna Azərbaycanlıları Konqresinin yaradıcısı Tələt Əliyev isə şagirdlərə Azərbaycan nağılları kitabını hədiyyə etmişlər.
Sonda şagirdlər Azərbaycan dilində və türk xalqlarının dillərində şeirlər oxumuşlar.
Tədbirin təşkilatçıları - UAK-ın Kiyev təşkilatının sədri Oleq Krapivin və Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin rəhbəri Arif Quliyev toplaşanları dekabrın 25-26-da Kiyevdə keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş II beynəlxalq sərbəst güləş turnirinə dəvət etmişdir.
Turnirin iştirakçıları - məşqçilər və idmançılar ümummilli lider Heydər Əliyevin Ukraynadakı səfirliyimizin önündə ucaldılmış abidəsi qarşısına güllər qoymuşlar.
Ulu öndərin abidəsi önünə gül qoyanlar arasında Azərbaycan səfirliyinin müşaviri İrfan Davudov, səfirliyin əməkdaşları, diasporun fəalları və digərləri var idi.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev