DÜNYA
Koauila ştatında yaşayan Karla Vanessa Peresin bətnində 9 uşaq vardır
Bakı, 28 aprel (AZƏRTAC). Meksikanın şimal-şərqindəki Koauila ştatında yaşayan Karla Vanessa Peres dünya rekordu vura bilər.
ABŞ-ın Texas ştatı ilə həmsərhəd olan bölgənin sakininin bətnində 9 uşaq vardır.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, Peresin bətnində 6 qız və 3 oğlan vardır. Karla mayın 20-də 9 uşaq doğacaqdır.
Karlanın əri Bernardonun dediyinə görə, həmin uşaqlar onlara “Tanrının lütfü”dür.
Hazırda Koauila ştatının paytaxtı Saltilyo şəhər hospitalının ginekologiya bölməsində olan Karlanın belə unikal hamiləliyinin səbəbi isə onun qısırlıqdan müalicə olunarkən ifrat dərəcədə “zəruri prosedur”lara məruz qalmasıdır.
Karla demişdir ki, hələ uşaqlarımıza ad qoymamışıq və məncə, bu, tezdir. Ümid edirəm ki, hər şey yaxşı olacaqdır. Qarajda mexanik işləyən əri daha çox çalışır, dünyaya gələcək övladlarını təmin etməyin yollarını düşünür.
2009-cu ildə ABŞ-ın Kaliforniya ştatındakı La Habra şəhərində yaşayan 36 yaşlı Nadya Suleman bir gündə 8 uşaq doğmuşdu. 6 uşaq anası Nadya bu minvalla 14 övlad anası olmuşdur.