DÜNYA
Kosmosa zibilyığan peyk buraxılacaqdır
Bakı, 18 fevral (AZƏRTAC). İsveçrənin Lozanna şəhərindəki Federal Politexnik Məktəbin nəzdindəki Kosmik Mərkəz "CleanSpace One" layihəsinin reallaşdırılmasına başlamışdır. Həmin layihə çərçivəsində 3-5 ildən sonra kosmosa zibilyığan peyk buraxılacaqdır.
AZƏRTAC “Scientist”ə istinadən xəbər verir ki, peyk Yerin orbitində uçan və kosmik aparatlar üçün potensial təhlükə mənbəyidir. Belə görünür ki, ölkələrini ideal təmizlikdə saxlayan isveçrəlilər indi də kosmosu təmizləmək qərarına gəlmişlər.
Alimlərin dediklərinə görə, Yerin ətrafındakı orbitdə 16 minə yaxın müxtəlif obyekt uçur. Onların öçüləri 10 sm-dən artıqdır. Bundan başqa, ölçüləri 10 sm-dən kiçik milyonlarla obyekt var ki, onlar dağılmış kosmik aparat və peyklərin qırıntılarıdır.
Kosmik zibilyığanın ölçüləri 30x10x10 santimetrdir. İsveçrəli alimlərin hesablamalarına görə, belə qurğunun hazırlanması, inşası və kosmosa buraxılması 10,87 milyon dollara başa gələcəkdir.