CƏMİYYƏT
Kürdəmir rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb
Bakı, 13 may, AZƏRTAC
Kürdəmir rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü rayonun prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində “isti izlər”lə açılıb.
Kürdəmir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, mayın 12-də saat 20 radələrində 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş rayon sakini Cəbrayıl Malikovun Atakişili kəndi ərazisində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Rahim İslamov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.