CƏMİYYƏT
Lənkəranda xüsusi karantin rejiminin tələblərinə nəzarət gücləndirilib
Bakı, 14 may, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejimin tətbiq edilməsinə nəzarət Lənkəran rayonunda da gücləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların və digər idarələrin qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb. Polis əməkdaşları tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadənin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruri olduğu bildirilib.