İDMAN
Mariana Vasilyeva: “Aquatic Cup 2019” yarışı gimnastlar üçün əsl idman bayramına çevrilib
Bakı, 13 iyun, AZƏRTAC
İki gün davam edəcək “Aquatic Cup 2019” yarışında 5 yaşdan 15 yaşadək bədii gimnastlarımız mübarizə aparırlar. Onlar Azərbaycanı gələcəkdə təmsil edəcək gimnastlardır. Eyni zamanda, Rusiya, Qazaxıstan, Özbəkistan idmançıları da bu yarışda qüvvələrini sınayırlar. Turnirin təşkilatçılıq səviyyəsi yüksəkdir. Yarış gimnastlar üçün əsl idman bayramına çevrilib. Zalı tamaşaçılarla dolu görməkdən şadam. Əlbəttə, biz gimnastlarımıza hər zaman dəstək olmalı, onları yeni qələbələrə ruhlandırmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasilyeva Bakı İdman Sarayında təşkil edilən bədii gimnastika üzrə “Aquatic Cup 2019” yarışı ilə bağlı jurnalistlərə müsahibəsində deyib.
Turnirdə balaca gimnastların çıxışlarını izləməkdən məmnunluğunu bildirən baş məşqçi qeyd edib: “Kiçik yaşlı gimnastların çıxışlarını izləməkdən məmnunam. Əsas vəzifələrimdən biri də gənc məşqçiləri istiqamətləndirmək və istedadlı gimnastları müəyyən etməkdir. Düzdür, burada mübarizə aparan gimnastlar hələ çox balacadırlar. Amma onlar bu cür turnirlərdə iştirak etməklə təcrübələrini artırırlar”.