SİYASƏT
Marneulidəki "Azərbaycan Evi"ndə "Vətəndaşların hüquqları və etnik azlıqların ictimai fəallığı" adlı seminar keçirilib
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Gürcüstanın Marneuli rayonundakı “Azərbaycan Evi”ndə "Vətəndaşların hüquqları və etnik azlıqların ictimai fəallığı" adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümünə həsr olunub.
Seminarda Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı səlahiyyətli nümayəndələri, QHT rəhbərləri, yerli ictimaiyyət təmsilçiləri, hüquqşünaslar iştirak ediblər.
Diaspor komitəsinin şöbə müdiri Vüsal Məmmədov çıxış edərək Azərbaycan xalqının dövlətçilik tarixindən, müstəqillik mübarizəsindən və ölkənin keçdiyi inkişaf yolundan söz açıb.
Sonra seminarda "Vətəndaşların hüquqları və etnik azlıqların fəallığı" ilə bağlı müzakirələr aparılıb.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev və hüquqşünas, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov mövzu ilə bağlı çıxış edib, vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi