CƏMİYYƏT
Məktəblilər arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
Bu il Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illiyinin qeyd olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tədbirlər Planına əsasən, məktəblilər arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, inşa müsabiqəsinin mövzusu BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq müəyyən edilib.
Müsabiqədə Bakının Binəqədi rayonundakı Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin və Səbail rayonundakı Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin yuxarı siniflərinin 70-dək şagirdi könüllülük prinsipi əsasında iştirak edib.
Məqsəd yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan gənclərin diqqətinin əmək sahəsinə yönəldilməsi, onların əmək bazarında gedən proseslər, gələcək karyeraları, hansı peşələrə, ixtisaslara yiyələnmək istəkləri və s. barədə düşüncələrini bölüşmələridir. Müsabiqədən əvvəl iştirakçılarla əmək bazarında mövcud meyillər, iqtisadiyyatda innovativ yanaşmaların, müasir texnologiyaların tətbiqinin getdikcə genişlənməsi, habelə qeyri-neft sektorunun inkişafı şəraitində əmək bazarında peşə və ixtisaslara olan tələblərlə bağlı söhbət aparılıb.
Artıq iştirakçılar tərəfindən inşalar yazılaraq təqdim edilib. Hazırda münsiflər tərəfindən inşaların qiymətləndirilməsi işləri aparılır. Müsabiqənin qalibləri müəyyən edilərək diplom və hədiyyələrlə təltif olunacaqlar.