İQTİSADİYYAT
MƏLUMAT
İqtisadi İnkişaf Nazirliyinin şəhər və rayon şöbələri dövlət əmlakının qorunması və ondan səmərəli istifadə olunması, özəlləşdirmə prosesinin sürətləndirilməsi, bölgələrdə sahibkarlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirirlər. Özəl qurumlarla əlaqələrin möhkəmləndirilməsini, onlara lazımi dəstək verilməsini daim diqqətdə saxlayan nazirliyin yerli qurumları onların problemləri ilə maraqlanır, kredit imkanlarının araşdırılmasında yaxından iştirak edirlər.
Şəhər və rayon şöbələri ərazilərində yerləşən, özəlləşdirməyə açılmış müəssisələrdə inventarizasiya işlərinin aparılması, onların təhlili, nizamnamə kapitalında dövlət payı olan müəssisələrin və idarəetmədə olan dövlət müəssisələrinin maliyyə hesabatlarının tam həcmdə yığılması istiqamətində də əməli tədbirlər həyata keçirilir.
Onlar bölgələrin iqtisadi inkişaf perspektivlərinin, prioritet sahələrin müəyyənləşdirilməsində, spesifik xüsusiyyətlər nəzərə alınmaqla, regional iqtisadi inkişaf proqramlarının hazırlanmasında müvafiq təkliflərlə çıxış edirlər.
Aprel ayı ərzində səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə 5 pullu hərrac keçirilmişdir. Bu hərraclarda 11 səhmdar cəmiyyətinin səhmləri satılmışdır.
Ay ərzində səhmdar cəmiyyətlərinin səhmlərinin pullu hərraclarda satışından dövlət büdcəsinə 1,3 milyard manatdan çox vəsait daxil olmuşdur.
Ötən ayda səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə 1 çek hərracı keçirilmiş, bu hərracda 9 səhmdar cəmiyyətinin səhmləri satılmışdır.
Növbəti çek və pullu hərracların keçirilməsi barədə elanlar qanunvericiliyə müvafiq olaraq mətbuatda dərc olunmuşdur.