İQTİSADİYYAT
Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə 3 milyon manat vəsait ayrılıb
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılıb.
Qeyd edək ki, 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanın 2015-ci ildə təhvil verilməsi planlaşdırılır. Mətbuat işçilərinə yüksək dövlət qayğısı çərçivəsində 156 mənzildən ibarət 17 mərtəbəli ilk bina 2013-cü il iyulun 22-də - Milli Mətbuat Günündə jurnalistlərin istifadəsinə verilib.