REGİONLAR
Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol turnirinin qalibləri müəyyənləşib VİDEO
Qusar, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi ilə Qusar rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan məktəbli qızlar arasında birincilikdə 10 komanda mübarizə aparıb.
Oktyabrın 22-dən başlayan çempionatın qalibi adını “Urva-1” komandası qazanıb. İkinci yeri “Gədəzeyxur”, üçüncü yeri isə “Urva-2” komandası qazanıb.
Qalib gələn məktəblilərə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.
Yarışın mükafatlandırma mərasimində AVF-nin nümayəndələri, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov iştirak edib.
Mərasimdə Milli Qəhrəman Çingiz Qurbanovun həyat və döyüş yolundan danışılıb, Ali Baş Komandan İlham Əliyev və qəhrəman oğullarımız sayəsində torpaqlarımızın işğaldan azad olunduğu bildirilib.
Bölgələrdə gənclər arasında turnirlərin təşkilinin Azərbaycan voleybolu üçün böyük əhəmiyyətə malik olduğunu söyləyən natiqlər belə yarışların ənənəvi keçiriləcəyini bildiriblər. Perspektivli gəncləri milli komandaya cəlb etmək məqsədilə yarışı seleksiyaçı məşqçilər də izləyib.
Turnirdə Qusar şəhər məktəblərini (4 komanda), həmçinin Həzrə, Quxuroba, Urva (2 komanda), Əvəcuq, Gədəzeyxur kənd məktəblərini təmsil edən komandalar yarışıb.