İDMAN
Moymir Hinilitsa: Bakıdakı badminton turnirində federasiya nümayəndələri və könüllülər peşəkar xidmət göstərirlər
Bakı, 7 iyun, AZƏRTAC
“Azerbaijan İnternational 2019” badminton turnirinin təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Bu turnirdə hər bir şəxs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Azərbaycan Badminton Federasiyasının nümayəndələri və könüllülər idmançılara və nümayəndə heyətlərinin üzvlərinə çox yaxşı xidmət göstərirlər. Ümumiyyətlə, Bakı turnirin təşkilatçılığı çox möhtəşəmdir. Bu, bir daha sübut edir ki, Azərbaycan irimiqyaslı yarışların keçirilməsi üçün ideal ölkədir.
Bu fikirləri Bakı İdman Sarayında keçirilən "Azerbaijan İnternational 2019" beynəlxalq badminton turnirinin baş inspektoru Moymir Hinilitsa AZƏRTAC-a müsahibəsində deyib.
Xalqımızın qonaqpərvərliyindən məmnunluğunu ifadə edən M.Hinilitsa bildirib: “Bakı sakinləri çox qonaqpərvərdirlər. İnsanların gülərüz olmaları, xarici qonaqlarla isti münasibəti valehedicidir. Gələcəkdə bir daha Azərbaycana gəlməyi arzulayıram. Bakıda xüsusilə tarixi abidələrə və Dənizkənarı Milli Parka heyran qaldım”.
Qeyd edək ki, "Azerbaijan International 2019" turniri iyunun 9-dək davam edəcək. Ümumi mükafat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparır.