CƏMİYYƏT
Murmansk şəhərində milli diasporlar könüllülərə kömək edirlər
Bakı, 29 aprel, AZƏRTAC
Murmansk vilayətində epidemiya dövründə müxtəlif millətlərin nümayəndələri ümumi fəlakətə qarşı birlikdə mübarizə aparırlar. "Yedinaya Rossiya" Partiyasının Könüllülər Mərkəzi ilə Ümumrusiya Xalq Cəbhəsi artıq bir aydan çoxdur Rusiya Federasiyasının Murmansk vilayətində işləyirlər.
Murmansk "Azərbaycan" Mədəniyyət Mərkəzi" vilayət ictimai təşkilatının və RAGB-nin Murmansk vilayəti üzrə bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, könüllülər vətəndaşlara ərzaq məhsulları və dərman daşıyır, məişət və həyati məsələlərin həllində onlara kömək edirlər. Yardımsevər vətəndaşlar könüllülərə kömək edir, onlara maska, əlcək və antiseptiklər, isti yeməklər verirlər.
Murmansk "Azərbaycan" Mədəniyyət Mərkəzi" vilayət ictimai təşkilatının sədri Afil Hüseynov və sədrin müavini Hüseynəli Hüseynov Könüllülər Mərkəzinin təmsilçilərini pulsuz isti yeməklə təchiz edirlər.
Hüseynəli Hüseynov deyib: "Biz çox şadıq ki, indi Könüllülər Mərkəzi ilə əməkdaşlıq edirik. Həm könüllülərə, həm də Murmansk sakinlərinə necə lazımsa kömək etməyə hazırıq. Biz hamımız istəyirik ki, pandemiya tezliklə başa çatsın. Biz ona birlikdə qalib gəlməliyik".