MƏDƏNİYYƏT
Musiqi Sənayesi Platforması: Rəqəmsal dövrdə musiqi sənaye ekosisteminin formalaşdırılması
Bakı, 30 noyabr, AZƏRTAC
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Musiqi Sənayesi Platforması: Rəqəmsal dövrdə musiqi sənaye ekosisteminin formalaşdırılması” mövzusu müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər iştirak ediblər.
Tədbirdə çıxış edən bəstəkar İsa Məlikov bildirib ki, “Musiqi Sənayesi Platforması”nın təşkil edilməsində əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir.
Tədbirdə reperlər Pərviz İsaqov və Elşad Xose, müğənni Sevda Ələkbərzadə, pianoçu Etibar Əsədli, DJ Orxan Ağayev çıxış ediblər.
Panel sessiyalarda ölkəmizdə musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılıb.