MƏDƏNİYYƏT
Musiqili Teatrda “Hacı Qara” komediyası əsasında yeni tamaşa
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” ikihissəli komediyası əsasında yeni tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa bir sıra yeniliklərlə zəngin olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimov, musiqi tərtibatçısı Ülvi Cəfərovdur.
“Azərbaycan xalqının böyük mütəfəkkirlərindən olan Mirzə Fətəli Axundzadənin “Hacı Qara” ikihissəli komediyasına müraciət etməyimizin bir neçə səbəbi var. Onlardan biri də bu il iyunun 30-da dahi yazıçı-dramaturqumuzun anadan olmasının 205 ilinin tamam olmasıdır. Ümumiyyətlə, M.F.Axundzadənin əsərləri bütün dövrlərdə müasirdir. “Hacı Qara” komediyasında qabardılan problemlər bu gün də aktuallığını itirmir. Böyük klassikimizin bu ölməz əsərini əsasən gənclərin ifasında və tam yeni bir formatda təqdim edəcəyik. Meydan üslubunda hazırlanan “Hacı Qara” bir çox yeniliklərlə zəngindir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.