MƏDƏNİYYƏT
Müstəqillik dövründə yaradılmış bədii plakat nümunələri sərgilənib
Bakı, 7 aprel, Flora Şükürova, AZƏRTAC
Aprelin 7-də Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda “Azərbaycan bədii plakatı: 1994-2005-ci illər” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgini “Yeni Gallery”-nin direktoru Rəfael Gülməmmədli açaraq sərginin əhəmiyyətindən söz açıb. O, bildirib ki, Azərbaycanın müstəqillik dövrünün 12 ili ərzində yaradılmış bədii plakat nümunələrinin ən tanınmış əsərləri Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib.
Nadir milli plakat kolleksiyasının yaradılma tarixindən söz açan R.Gülməmmədli qeyd edib ki,1994-2005-ci illər ərzində Bakı İncəsənət Mərkəzi ABŞ-ın “UNOCA” Xəzər neft şirkəti ilə birgə davamlı olaraq milli plakat müsabiqələri təşkil edib. Müsabiqələr “Azərbaycan bu gün” devizi altında keçirilərək respublika gününə həsr olunub. Bu müsabiqə günümüzəcən Azərbaycanın ən yeni tarixində - müstəqillik dövründə keçirilən ilk və yeganə davamlı müsabiqə olaraq qalır. Plakat müsabiqələri ölkəmizin müstəqilliyinin ilk, ağır illərinə təsadüf etmiş və həmin çətin zamanlarda bu sənət növünün unudulmamasına və inkişafına xidmət edib. Belə ki, Kaliforniyada (ABŞ) nəşr olunan beynəlxalq “Azerbaijan Today” jurnalı hər il müsabiqələr barədə geniş materiallar dərc edərək qalib plakatın görüntüsünü reklam qismində yerləşdirib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərgi barədə fikirlərini bölüşüb. Ə.Vəliyev qeyd edib ki, bu kolleksiya Azərbaycan dövlətinin muzey və digər fondlarında dövlət mülkiyyəti olaraq saxlanılacaq. Ümidvarıq ki, bu plakatlar tədqiqatçılar tərəfindən öyrəniləcək, eləcə də vətənpərvərlik yönümlü təbliğat işlərində istifadə ediləcək.
Sənətşünas Ziyadxan Əliyev də sərginin əhəmiyyətindən söz açıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi aprelin 13-dək davam edəcək.