RƏSMİ XRONİKA
NAFTALAN ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Naftalan şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən abadlıq-quruculuq işlərinin sürətləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 1,0 milyon (bir milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. Naftalan şəhərinin sanatoriya-kurort kompleksinin inkişafı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2008-ci il.