İDMAN
“Neftçi”nin basketbolçusu: Kuboku qazanaraq hədəflərimizi daha da böyütdük
Bakı, 22 aprel, AZƏRTAC
“Kuboku qazanaraq hədəflərimizi daha da böyütdük”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin basketbolçusu Deancelo Stüart Azərbaycan Kubokunun finalında “Xəzri”yə 65:61 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
ABŞ-dan olan oyunçu nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Gözəl hisslərdir. "Neftçi"yə çempion olmaq üçün gəlmişdim və məqsədimə də çatdım. Komandada hər kəs bunu gözləyirdi. Rəqib həqiqətən yaxşı komandadır. Lakin biz hər şeyə hazır idik. Onlarla bu mövsüm qarşılaşmışdıq və bizə yad deyildilər. Buna görə də meydanda oynamaq rahat idi. Əsas odur ki, sonluq bizim üçün müsbət notlarla bitdi”.
Onun sözlərinə görə, qələbədə komanda şəklində mübarizə aparmaları həlledici rol oynayıb: “Oyunun çətin keçəcəyini bilirdik. Ancaq özümüzə güvənirdik. Kuboku qazanaraq hədəflərimizi daha da böyütdük. Hər bir komanda mövsümə çempionluq hədəfi ilə başlayır. “Ağ-qara” formanı geyinmək mənim üçün xoşbəxtlikdir. Əlbəttə ki, burada daha çox oynamaq istəyərəm. Lakin bütün qərarları mən vermirəm. Ömrümün sonunadək Azərbaycanı ikinci Vətənim olaraq xatırlayacağam. Bakını çox sevirəm. Yanvar ayında Yunanıstandan bura gəldiyim zaman məni nə gözlədiyini bilmirdim, amma hər şey fərqli oldu. Azərbaycandakı həyatımdan zövq alıram”.
Qeyd edək ki, ötən mövsüm bu titula finalda “NTD”ni məğlub edən “Gəncə” sahib çıxmışdı.