CƏMİYYƏT
Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat tədbiri zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onda “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkarlanaraq götürülüb.
R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib.
İdarə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cu il təvəllüdlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.