SİYASƏT
NİYAZİ HACIYEV: “MƏN ŞADAM Kİ, ESTONİYADA AZƏRBAYCANLILAR HAQQINDA YARANMIŞ STEREOTİP ARADAN QALDIRILMIŞDIR”
Tallinn, 8 aprel (AZƏRTAC). Estoniyanın novosti.err.ee portalı “Vestnik Kavkaza” saytına istinadla xəbər verir ki, Estoniyadakı Azərbaycan diasporu ruslarla estonlar arasında dialoqa kömək edir. Bunu Estoniyadakı “Aydan” Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Niyazi Hacıyev bildirmişdir.
N.Hacıyev demişdir: “Estoniyada Azərbaycan cəmiyyəti yaradılmasının tarixi 1988-ci ildə başlanmışdır. O vaxt mən burada yaradılmış “Ocaq” mədəni birliyinin sədri seçilmişdim. Həmin dövrdə cəmiyyətimizin üzvlərinin sayı 2 min nəfərdən çox deyildi, lakin biz çox fəal idik və cəmiyyətimiz Estoniya Respublikasının müstəqilliyini birinci olaraq dəstəkləyənlərdən olmuşdu. Yadımdadır, biz 40 min rubl məbləğində sovet pulu yığıb, üzərində Azərbaycanın milli bayrağı təsvir edilmiş yapışdırma şəkillər buraxdıq və Bakıya göndərdik”.
Mədəniyyət Mərkəzinin sədri sözünə davam edərək demişdir: “Azərbaycanın üçrəngli bayrağı Estoniyada ilk dəfə 1988-ci ildə icmamızda üzə çıxarıldı. O vaxtadək çoxları heç bilmirdi ki, Azərbaycanın öz bayrağı vardır. Hətta bəzi dövlət orqanları o vaxt bizi milli ayrı-seçkiliyi qızışdırmaq adı ilə təqib edirdi. Hərçənd, biz yalnız bunu deyirdik ki, bütün insanlar öz fikirlərini sərbəst ifadə edə bilər. Həmin illərdə azərbaycanlılar passiv deyildilər. Estonlar və onların ictimai təşkilatları bunu bilirlər. Mən o vaxt hələ tələbə idim. Biz milli azlıqların forumunda iştirak edirdik. İndi də mövcud olan bu forum yaranan vaxt - 1988-ci ildə Estoniya cəmiyyətində iki əsas düşərgə vardı - estonlar və ruslar. Biz Estoniyanı eyni dərəcədə sevən estonlar və ruslar arasında bir növ əlaqələndirici kimi çıxış edirdik”.
Niyazi Hacıyev daha sonra demişdir: “Əldə etdiklərimizə görə qürur duyuram. Əldə etdiyimiz isə bu olmuşdur ki, sovet dövründə, elə indi də Estoniyada bizim xalq barəsində “bazar adamları”, “alverçilər” kimi təsəvvür yaratmaq cəhdlərini təkzib edərək, özümüzü başqa keyfiyyətdə təqdim etmişik. Estoniya Respublikasının təşəkkülü dövründə hökumət üzvləri əsasən estonlardan ibarət idi, onların arasında başqa millətlərin nümayəndələri yox idi. Yalnız bir nəfər həmyerlimiz - o vaxt Narva şəhərinin meri, sonradan Estoniyanın əhali məsələləri üzrə naziri olmuş Eldar Əfəndiyev Estoniya hökumətində milliyyətcə eston olmayan ilk nümayəndə idi. Bu gün Eldar Əfəndiyev Estoniya parlamentinin üzvüdür. Mən şadam ki, azərbaycanlılar haqqında Estoniyada yaranmış stereotip aradan qaldırılmışdır”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn