İQTİSADİYYAT
“OMV” Türkiyədəki “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsini Hollandiyanın “Vitol Group” şirkətinə satacaq
Bakı, 4 mart, Nihad Budaqov, AZƏRTAC
Avstriyanın “OMV” enerji şirkətinin Türkiyədə 100 faizlik səhmdarı olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsi 1 milyard 368 milyon avroya Hollandiyanın enerji şirkəti “Vitol Group”a satılacaq.
AZƏRTAC “OMV”yə istinadla xəbər verir ki, şirkət “Petrol Ofisi”ni “Vitol Group”a satacaq. “OMV”nin bu satışdan əldə edəcəyi xalis gəlir isə 1,1 milyard avro olacaq. Sözügedən satış əməliyyatının bu ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, SOCAR “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışında maraqlı idi. SOCAR “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalının satın alınması üzrə “OMV Aktiengesellschaft” ilə razılığa gəlmişdi. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.
Qeyd edək ki, “OMV” şirkəti ötən ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1709 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkətin 2016-cı ildəki ümumi satışı 10,68 milyon tona çatıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya “Doğan Holding”dən alıb.
“Petrol Ofisi” təxminən 2 minədək yanacaqdoldurma stansiyası, bir yağ fabriki, 11 maye yanacaq, 3 LPG dolum terminalı, 19 aerodrom modulu və təxminən 1,17 milyon kubmetrdən çox saxlama tutumu ilə fəaliyyət göstərərək Türkiyənin maye yanacaq sektorunda ən böyük ikinci özəl şirkətidir.