İQTİSADİYYAT
Özbəkistan Azərbaycanın yol tikintisi sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanovla görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Saleh Məmmədov görüşdə rəhbərlik etdiyi qurum, həmçinin Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu qeyd edən İdarə Heyətinin sədri 2022-2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən 20 avtomobil yolu layihəsi və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı görüləcək işlərin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yol-nəqliyyat xəritəsinin dəyişməsinə və regionlararası nəqliyyat əlaqələrinin genişləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyətini yüksək dəyərləndirən qonaq, “Zəfər yolu”na valeh olduğunu xüsusi olaraq qeyd edib.
İşgüzar ziyarətinin əsas məqsədinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının tikintisi sahəsində əldə etdiyi təcrübəni və bu sahədə tətbiq etdiyi yeniliklərin öyrənilməsi olduğunu qeyd edən səfir Baxrom Aşrafxanov müvafiq sahə üzrə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib.
Görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev, agentliyin aparatın rəhbəri İlqar Əhmədov, Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov iştirak ediblər.