SİYASƏT
Özbəkistan portalında Şuşanın işğalının 25 illiyi ilə bağlı məqalə yerləşdirilib
Daşkənd, 8 may, АZƏRTAC
Özbəkistanın tnews.uz portalında Şuşanın işğalının 25 illiyi ilə əlaqədar rus dilində geniş məqalə yerləşdirilib.
Məqalədə bildirilir ki, 1992-ci il mayın 8-də qədim tarixi olan Şuşanın işğalı nəticəsində şəhər yerlə yeksan edilib. Vurğulanır ki, şəhər işğal edilənə qədər Şuşada 248 tarixi memarlıq abidəsi, musiqi məktəbləri, muzey, kitabxana və digər sosial-məişət obyektləri olub. Ermənilərin təcavüzü nəticəsində bunların hamısı dağıdılıb.
Azərbaycanın Şuşa səhərinin işğalı nəticəsində 23156 nəfər öz dədə-baba yurdundan qovulub, onlar Azərbaycanın müxtəlif rayonlarına pənah aparıblar. Şəhərin müdafiəsi zamanı 197 nəfər həlak olub, 300-dən artıq insan yaralanıb.
Yazıda deyilir ki, Şuşa şəhəri Azərbaycan musiqisinə və ədəbiyyatına böyük töhfələr verib. Bu qədim şəhərdə zaman-zaman tanınmış musiqiçilər, muğam ustaları, şairlər yaşayıb yaradıblar.
Qeyd olunur ki, işğal nəticəsində ümumən Qarabağda 876 yaşayış məntəqəsi, 7 min sənaye, kənd təsərrüfatı və digər obyektlər, 4366 sosial-mədəni binaları, 616 orta məktəb, 242 məktəbəqədər tərbiyə müəssisəsi, 397 xəstəxana, 4 sanatoriya, 10 məscid dağıdılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd