CƏMİYYƏT
Özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcək
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə M.Tembona məlumat verib. O, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ həllərin tətbiqinə əsaslanan idarəçilik və xidmət mexanizmlərinin formalaşdırılması, proaktiv xidmətlərin tətbiqi və genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. Nazir aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb, ötən dövrdə birgə reallaşdırılan layihələrin müsbət nəticələrini qeyd edib.
S.Babayev ölkəmizdə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi faydalarını diqqətə çatdırıb. O, Azərbaycanın bir sıra digər sosial layihələri ilə yanaşı, ötən ay bu proqramın da Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatına layiq görüldüyünü deyib.
Nazir bildirib ki, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılmasına, onların kiçik sahibkarlığa çıxışına şərait yaradan özünüməşğulluq proqramına cəlb edilənlərinin sayı ötən il 6,5 dəfə artırılaraq 7267 nəfərə çatıb. Bu il isə proqrama 10 minədək işsiz və işaxtaran şəxsin cəlb edilməsi nəzərdə tutulub. Dünya Bankı ilə əməkdaşlıq imkanlarından istifadə olunmaqla gələn il üçün proqramın iştirakçılarının sayının 15 minə çatdırılması hədəflənib. Bu istiqamətdə birgə fəaliyyətin təşkili ilə bağlı Dünya Bankının nümayəndələri ilə səmərəli müzakirələr aparılır.
Xanım M.Tembon ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində önəmli addımlar atılmaqla bərabər, bu qrupların səmərəli özünüməşğulluğuna, kiçik biznes imkanlarına yiyələnmələrinə şərait yaradılması üçün icra edilən özünüməşğulluq proqramının təqdirəlayiq olduğunu vurğulayıb. O bu proqramın ildən-ilə daha çox ailəni əhatə etməsi üçün aparılan işlərdə Dünya Bankının dəstək vermək əzmində olduğunu qeyd edib.
Görüşdə özünüməşğulluq proqramının genişləndirilməsi layihəsi, bu sahədə əməkdaşlığın detallarına dair müzakirələr aparılıb.